Qiyamət gününədək ruh ruhlar aləmində öz həyatını davam etdirir
Bizləri əhatə edən aləm iki hissədən ibarətdir. Biri - təbiət aləmidir. Planetlər, dağlar, bitkilər, heyvanlar, bütün maddi varlıqlar bu aləmə aiddir. Digər aləm isə fövqəltəbii aləmdir. Qeyb aləminə aid varlıqlar, o cümlədən də mələklər bu sırada yer alır. İnsan - bu iki aləmi özündə cəmləşdirən unikal bir varlıqdır. Allah insanı bir tərəfdən maddi aləmdən xəlq edib, digər tərəfdənsə öz ruhundan üfürərək ona ruh əmr edib.
Bu dünyada insanın həyat sürməsi fiziki bədənə malik olmasıyla şərtlənir. Amma insanı İNSAN edən ilk növbədə RUHdur! İnsanın bütün fəaliyyətləri məhz ruhdan irəli gəlir. İnsanın bədəni sanki bir maşın, ruhu isə sükan arxasında oturan sürücüdür. Sürücü sükanı hara fırlatsa, maşın da o istiqamətə yönələcəkdir. Hər birimiz üçün bir «MƏN» anlayışı var. Oturanda da, duranda da, yol gedəndə də, hətta yuxu görəndə də həmin «MƏN»i duyuruq, yaşadırıq. MƏNimizi MƏN edənsə məhz bizim RUHumuzdur!